Dovğa

  • Share
  • CevherShare
  • Share
Yağlı qatıq-1 kq. (qatıqyağlı olmadıqda 150 q xama əlavə etmək olar), düyü-80 q, yumurta-1 əd, un-30 q. (təxminən 1 x.q.), keşniş-2 dəstə, kəvər-1 dəstə (vəya göy soğan), ispanaq vəya çuğundur yarpağı-2 dəstə, kərəviz-1 dəstə, şüyüd-1 dəstə, nanə-1/4 dəstə, duz, istiot.
Dovğa əsasən üzlü (yəni yağlı) qatıqdan, məşhur Gəncə dovğasını isə camış qatığından, bəzi rayonlarda onu fəslə görə qoyun qatığından, süzmədən, ayrandan, qurutdan da bişirirlər. Dovğalar ona qatılan göyərtilərin tərkibindən və nisbətindən asılı olaraq bir-birlərindən tamma və ətrinə görə fərqlənirlər. Məsələn, kərəvizli dovğaya başqa göyərtilərə nisbətən kərəviz çox tökülür (4 paya — 1 dəstə), bu halda dovğadan kərəviz ətri gəlir. Belə dovğaya dağ keşnişi tökülmür, çünki onun ətri çox kəskin olduğuna görə başqa göyərtilərin ətrini üstələyir və dovğadan yalnız dağ keşnişinin ətri gəlir.

Odur ki, dağ keşnişi ilə dovğa bişirildikdə oraya nisbətlə hər cür göyərti tökmək olar. Dovğadan nanə ətri gəlməyini istəsəniz nanəni bir qədər çox götürün. Onda belə dovğadan digər göyərtilərə nisbətən nanə ətri daha çox gələcək. Bundan başqa, dovğalara fəslə görə, təbii halda bitən, şitillikdə öz-özünə yetişən bitkilər də qatılır ki, bunlar dovğaya xüsusi dad, tam və ətir verir. Məsələn, unluca, yağlıca, yarpız, yağlı tərə (və ya dovğa tərəsi) və həmçinin becərilən bitkilər əvəlik, pərpətöyun (pərpərəng), çuğundur yarpağı (zırx) və s. Bunların eyni zamanda müalicəvi əhəmiyyəti də vardır. Dovğaların, həmçinin, noxudlu, ətli, ətli-noxudlu, lobyalı, kələmli, ət bulyonunda və ya toyuq bulyonunda bişirilən növləri də mövcuddur. Dovğa, adətən böyük qazanda 3-4 günlük, bəzən bir həftəlik bişirilir. Çünki o, hər bir xörəyin yanında isti və ya soyuq halda yeyilə bilən ən ləziz xörəkdir. Adi dovğa bişirmək üçün əsasən aşağıdakı xammallar götürülür (göyərtilərin miqdarı dəyişdirilə də bilər).

Göyərtilər təmizlənib yuyulduqdan sonra xırda doğranır. Qatıq və xama un və yumurta ilə çalınır, düyü tökülür. Qatığın yarısı qədər su qatılır. Düyünü ayrıca bişirib soyuduqdan sonra çalınmış qatığa qarışdırdıqda dovğa daha həlimli və zərif olur. Dovğa çürüməsin deyə onu ocağa qoyan kimi bir qaydada, arası kəsilmədən bulamaq lazımdır. Qaynamağa başlayan kimi üzərinə doğranmış göyərtiləri töküb bulama davam etdirilməlidir. Dovğa 5-10 dəq qaynadıqdan sonra onu ocaqdan götürüb dada görə duz töküb qarışdırırlar. Dovğa noxudla bişirildikdə noxud əvvəlcədən isladılıb, ayrıca qabda bişirilir və hazır dovğaya qatılır. Süfrəyə isti və ya soyuq halda verilir. Məclis zamanı üzərinə naxışvari darçın da səpilir.

duru xörəklər isti-isti MİLLİ MƏTBƏXİMİZ süd və süd məhsullarından hazırlananlar



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR